İsrail bir gündə fələstinlilərə məxsus 20 iaşə obyektini söküb (FOTO)

İsrail bir gündə fələstinlilərə məxsus 20 iaşə obyektini söküb (FOTO)

Bu gün səhər saatlarında işğalçı İsrail rejim qüvvələri Şərqi Qüdsdə yerləşən Şufat qaçqın düşərgəsinə basqın edərək 20-yə dək obyekti darmadağın edib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu obyektlərin qanunsuz tikildiyini bəhanə gətirən işğalçı rejim son illərin ən böyük söküntü işini həyata keçirib.
 
Fələstin Azadlıq Təşkilatının (FAT) qaçqınlar üzrə komitəsi İsrailin bu addımını tənqid edib və işğalçı rejimi bölgədə yeni müharibə ab-havası yaratmaqda ittiham edib.
 
Sakinlərə və obyekt sahiblərinə söküntü planı ilə bağlı xəbərdarlıq dünən təqdim edilib. Şahidlər bildiriblər ki, ordunun müşayiəti ilə əraziyə xeyli buldozer gəlib və dağıntı işləri aparılan ərazi ciddi mühasirəyə alınıb.
 
"Fəth" partiyasının Şufat üzrə təmsilçisi Nasir Fasfusun sözlərinə görə, əraziyə işğalçı rejim əsgərləri, zabitləri və işğal altındakı Qüdsün israilli bələdiyyə təmsilçiləri gəliblər. Dağıdılan obyektlər arasında çörəkbişirmə sexi, ayaqqabı dükanı, mağazalar, kiçik restoranlar olub. Bu obyektlər 2007-ci ildə tikilib. Obyekt sahibləri yeganə gəlir yerlərinin bu obyektlər olduğunu bildirsələr də, işğalçılar buna məhəl qoymayıblar və tikinti işi üçün icazə olmadığını irəli sürüblər.
 
Bildirilib ki, İsrail bələdiyyəsi qaçqın düşərgəsinin adını da dəyişib. İndiyədək Şufat qaçqın düşərgəsi adlandırılan və 21 min sakini olan məntəqə artıq Şufat qəsəbəsi adlandırılmağa başlanıb. Bununla da əraziyə nəzarət Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) alınaraq İsrail bələdiyyəsinə keçir, başqa sözlə məntəqə tam olaraq işğal edilmiş olur.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru