Suriyanın baş müftisi: `Suriyanı ABŞ deyil, ərəb rəhbərləri qətl edir!`

Maide.az xəbər verir ki, Suriyanın baş müftisi Şeyx Əhməd Bədrəddin Hassan "Suriya, İraq, Liviya və s. ölkələrdə uşaqlarımızı öldürənlərlə illərdir ki, fələstinliləri öldürənlərlə eyni adamlar olduğunu ən qısa zamanda başa düşəcəklər", - deyib.
 
Şeyx Hassan sözlərinə belə davam edib:
 
""Bəlkə bəziləri İslam ümməti nə üçün bir-birini öldürür, mallarını qarət edir, hər şeyi dağıdıblar", - deyə sual edirlər. Cavabı olduqca açıq və aydındır: Qabil, qardaşı Habilin nüfuzunu qoruya bilmədi. İçindəki qəzəb və kinlə qardaşını öldürdü.
 
Livanın dörd hissəyə bölünüb, ölkəyə gətirilən əcnəbi silahlarla livanlıların bir-birini öldürdüyü günlərdə hər kəs əl-ələ verərək müharibənin alovunu söndürməyə çalışdı, amma bacarmadılar. Suriya o xaos günlərində hadisəyə müdaxilə edən tərəf olaraq, həll yoluna təkan verdi. Bu, suriyalıların qonşunun hüququna riayət nöqtəsində etmiş olduğu ən bariz davranışıdır.
 
Ramazan ayında iftar süfrəsinin başında oturduqda çox sevdiyiniz birinin yerinin boş olduğunu görə bilərsiniz. Amma qəm etməyin, çünki mənəvi aləmdə möminlər üçün açılan süfrə, yer üzündə açılan süfrələrdən daha geniş və daha bərəkətlidir. Builki Ramazanımız şəhidlərimizin cənnət qoxusuna büründü. Bu il suriyalılar üçün fərqli olacaq, bunu sübut etdik. Suriya xalqı suriyalıların şərəf və izzətini satın almaq istəyən onlarca ölkənin qarşısında boyun əymədən mübarizə aparır.
 
Ramazan mənimlə sənin arandakı yaxınlaşmanın səbəbidir. Ramazan Quran ayıdır. Silahlarınızı yerə qoyun. Müharibə və qətliamlara son verin. Çünki Allah qatında günahsız və müdafiəsiz bir uşağın öldürülməsi, Avropa və Amerikada şahid olduğumuz Quranın yandırılmasından daha böyük və ağır bir cinayətdir. İnsanları öldürənlər nə qədər də nifrət və zəlildir! Qurani-Natiqə (Danışan Qurana) arxasını çevirib, əllərinə Quran alıb günahsız insanları öldürənlər Quranın lənət etdiyi kimsələrdir.
 
Ey Zalım Rəhbərlər! Suriya, Yəmən, Somali, Liviya, Tunis, İraq və s. ölkələrdə xərclədiyiniz sərvətlə alınan silahların minlərlə insanı öldürməsi kifayət etmədimi? Mən suriyalıların öldürülməsində Amerikanı günahkar bilmirəm. Allah şahiddir ki, bu qədər dağıntı və ölümün əsl səbəkarı ərəb rəhbərlərdir. Kral tacını və səltənət kürsünü qorumaq bahasına öz xalqını və dinlərini satan rəhbərlərdir, bu qədər ölümə səbəb olanlar. Bu gün Yəməni bombardman edənlər Qüdsün azadlığı və Fələstin xalqına yardım üçün bircə addım belə atmadı. Qəzza və Cənubi Livan müharibəsi başlayanda bunlar susdular. O gün susanlar, bu gün necə cəsarətləniblər? Yəmənli uşaqları öldürəcək ürəyə və gücə malik olublar! Uşaq cinayətlərinə səbəb olan silahlar hansı pulla alınır? Ərəb kralların neft ticarətindən əldə etdiyi pullarla.
 
Ey Ərəb Birliyi Ölkələri və İslam Əməkdaşlıq Təşkilatı Üzvləri! Bu günə qədər Allahın razılığını əldə etmək üçün İslam ümmətinə hansı sahədə xidmət etmisiniz? Ərəblərin qanı axarkən, şərəfi, izzəti və namusu ayaqlar altına alınıb xəyanətə məruz qalarkən Uca Allaha hansı üzlə, necə cavab verəcəksiniz? Suriyada axan qanı dayandırmaq üçün Suriyaya Staffan de Mistura (BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi) deyil, ərəb menecerlər gəlməlidir. Sadəcə, Suriyaya deyil, Liviya, Yəmən və s. ölkələrdəki zorakılıq və ölümlərə son vermək üçün Misturalar deyil, ərəb rəhbərlər səy göstərməli.
 
Suriya ərəb rəhbərlərin özlərindən utanmalarını təmin etdi, əlbəttə ki, hələ də utanacaq üzləri varsa! 2011-ci ildə "Suriyadakı mövcud hakimiyyət devriləcək" dedilər. 2012-ci ildə "Suriya dağılır" dedilər. 2013-cü ildə "Dəməşq işğal olunub" dedilər. 2014-cü ildə "Homs dövlətin nəzarətindən çıxdı" dedilər. Amma biz onlara yalnız bir söz deyirik ki, bura Suriyadır. "Suriyanın yarısı terrorçuların nəzarətindədir" deyənlərə, Suriya dövləti Rakka və İdlibdə dövlət idarələrində çalışanların maaşını verməyə davam edir söyləyirik.
 
Buradan İstanbul, Ər-riyad və Dohada otellərdə şərait yaradanlara müraciət edirəm: Sizə aid terror qruplarının girdiyi şəhərdə qətliam törətməsi və xalqı köçməyə zorlaması sizi narahat etmirmi? Qətliam etdiyiniz şəhərlərdən qaçanlar hara sığınacaq? Əlbəttə, Suriya dövlətinə sığınacaq. "Suriya dövləti zalım və qatildir" deyən sizlər deyilsinizmi? Onda insanları niyə zalım bir dövlətin qucağına atırsınız!
 
Bir halda ki, xalq üçün döyüşürsünüz, o halda xalq niyə sizdən qaçıb zalım bir dövlətə sığınır! Əgər siz mərhəmətli və ədalətli olsaydınız, xalq sizdən deyil zalım dediyiniz dövlətə bağlı təhlükəsizlik qüvvələrindən qaçardı. Tək bir şəhər adı deyin ki, siz şəhərə girdikdən sonra orada yaşayanlar şəhəri tərk etməmiş olsun".

Google+ WhatsApp ok.ru