Tələbələrin ölümü ölkəni ayağa qaldırdı

Meksikada tələbələrin öldürülməsi ilə əlaqədar yaranmış gərginlik artmaqdadır. 
 
İki ay əvvəl İquala şəhərində itkin düşən 43 tələbənin yandırılaraq öldürülməsi xəbəri əhalinin qəzəbinə səbəb olub. Etirazçılar hökumətə qarşı keçirilən aksiyaları genişləndirməyə çalışırlar. Bu məqsədlə, əsasən, sosial şəbəkələrdə çoxsaylı çağırışlar olub.
 
Ötən gün Akapulko şəhərində fəallar hava limanına girişi əngəlləməyə cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edib. Aksiyanın dinc keçəcəyinə dair polislə danışıqlar aparıldıqdan sonra etirazçıların hava limanına yaxınlaşmasına icazə verilib. Fəallar 3 saat ərzində hava limanına gediş-gəlişi əngəlləyiblər.
 
Aksiyanın sonunda isə, zorakılıq aktları qeydə alınıb. Bir qrup fəal turistlərin avtomobillərini aşırıb.
 
Ölkə prezidenti Enrike Nyeto etirazçıları yaşanan faciədən sui-istifadə edərək zorakılıq törətməkdə təndiq edib.
 
43 tələbənin itkin düşməsində şübhəli bilinən şəxslər tələbələri yandıraraq öldürüldüklərini etiraf etmişdilər. Məlumata görə, qətl İquala şəhərinin meri tərəfindən sifariş olunub. İstintaq çərçivəsində mer də həbs olunub. Ümumilikdə, cinayət faktı ilə əlaqədar 74 nəfər saxlanılıb.
 
Tələbələr sentyabr ayının sonlarında hökumətə qarşı keçirilən etiraz aksiyası zamanı itkin düşmüşdülər.

Google+ WhatsApp ok.ru