Türkiyədə Qurani-Kərimi tapdalayan qadının kimliyi məlum olub

Müqəddəs kitabı ayaqlayaraq şəkil çəkdirən və bunu internetdə paylaşan qadının bu əməli Türkiyədə geniş rezonans doğurub

Türkiyədə müqəddəs Qurani-Kərimi ayaqlayaraq şəkil çəkdirən və bunu “twitter” sosial şəbəkəsində paylaşan qadın barəsində cinayət işi açılıb.
 
İnterAz-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankara Böyükşəhər bələdiyyəsinin başçısı Melih Göyçək vəkili Esennur Ezgi ilə birlikdə bu şəxsi İslam dininə həqarət etdiyi üçün məhkəməyə veriblər.
 
Dərhal başlanan araşdırmalar nəticəsində həmin “kedibiti” adlı “twitter” istifadəçisinin kimliyi təsbit edilib. İstanbulda yaşayan 38 yaşlı Gülbəyaz Atik polis tərəfindən həbs edilib.Onun kompüteri və mobil telefonu müsadirə edilib.
 
Məhkəməyə ifadə verən G.Atik inanclı biri olmadığını, Qurani-Kərimin tapdalandığı fotoşəkillə yanaşı ölkə rəsmilərinə qarşı da təhqirə yol verdiyini etiraf edib.
 
Məhkəmə tərəfindən onun barəsində iftira, xalqı kin və düşmənçiliyə təhrik etmə və ictimai asayişi pozma ittihamları ilə cinayət işi açılıb. 
 
Məlumat üçün bildirək ki, həmin şəxsin həbsindən sonra bələdiyyə başçısı M.Göyçək öz tvitter səhifəsində bunları yazıb: "“Kedibiti” bu gün yaxalandı. İndi ədalətə hesab vermək zamanıdır. Sizə əlimdən gələni edəcəyimə söz vermişdim. İnancımızı təhqir etməyə heç kəsin haqqı yoxdur. Buna imkan vermərik. Bu günü göstərən Rəbbimə həmd olsun. Əməyi keçən hər kəsə təşəkkürlər"

Google+ WhatsApp ok.ru