15 hərbçi həlak oldu, 79-u yaralandı

Ötən sutka ərazində Ukraynanın şərqində - Donbass bölgəsində gedən qanlı döyüşlərdə 15 Ukrayna hərbçisi həlak olub, 79-u yaralanıb. Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko məlumat verib. O bildirib ki, həlak olanlardan 8-i Sərhəd Xidmətinin, 7-si ordunun əsgərləridir. A. Lısenko ölən və yaralananların sayının çox olmasını uzun müddətdir sərhəddə separatçıların və Rusiya ordusunun mühasirəsində qalan Ukrayna hərbi hissələrinin mühasirəni yarma əməliyyatı ilə əlaqələndirib. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin 72-ci, 79-cu briqadaları və digər hərbi qruplaşmalar 3 günlük ağır döyüşlərdən sonra avqustun 7-də mühasirəni yararaq Donetsk vilayətinin Saur-Mogila yüksəkliyi və Amvrosiyevka yaşayış məntəqəsi ətrafında əsas qüvvələrlə birləşiblər. “Bu əməliyyatın gedişində qüvvələrimiz Rusiya tərəfindən dəfələrlə atəşə tutulub, eləcə də onlar terrorçuların mövqelərini yararaq irəliləyiblər. Desant qüvvələrimiz Uspenka yaşayış məntəqəsi yaxınlığında düşmənlə döyüşə girib. Terrorçuların xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib”, - deyə A. Lısenko söyləyib. Qeyd edək ki, qeyri-rəsmi mənbələr mühasirədən çıxan Ukrayna hərbi birləşmələrinin itkilərinin daha çox olduğunu bildirirlər.

Google+ WhatsApp ok.ru