Ərdoğanın sarayı işıqpulunu ödəməyi gecikdirib

Türkiyədə yeni tikilmiş, 1150 otaqlı prezident sarayını elə o sayda da polisin qoruması ölkədə müzakirələrə səbəb olub. Təbii ki, bu sayda polisi saxlama və digər xərclərinə görə. Bunu "Hurriyet Daily News"da Fevzi Kızılkoyun yazır.
 
Belə ki, bu sarayın təhlükəsizlik sisteminə 50 milyon türk lirəsi xərclənib. Prezident Rəcəb Tayyib Ərdoğanın sevimli sarayını qoruyanların sayı əvvəlki sarayda olduğundan azı iki dəfə çoxdur. Çankaya Sarayının 450 mühafizəçisi vardı. Yeni sarayın hasarının uzunluğu 5 kilometrdir. Ərazidə 3 min nəzarət kamerası quraşdırılıb. Hər hansı səs yazısının qarşısını almaq üçün çoxsaylı qurğular yerləşdirilib. Xatırladaq ki, 2013-cü ildə baş nazir ikən Ərdoğanın səsi yazılmışdı.
 
Ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat Ali Demirçalı fevralın 14-də deyib ki, sarayda ayda 1 milyon 150 min lirəlik elektrik işlədilib. Deputat qəbz göstərib, saray həmin ödənişi yubandırdığı üçün 107 min lirə cərimə də olunub.
 
Ərdoğan isə sarayını genişləndirməklə məşğuldur, konsert və tədbirlər üçün əlavə bina, at ferması da tikdirir, ilkin planda bunlar yox idi. Müxalifət partiyaları sarayın lisenziyasız tikinti olduğunu desə də Türkiyə Konstitusiya Məhkəməsi ötən il oxşar iddiaları rədd edib. İddiaçılardan biri, Arxitektorlar Palatasının Ankara filialının rəhbəri sarayın qanunsuzluğuna dair iddianı Avropa Məhkəməsinə göndərib ("Azadlıq" radiosu).

Google+ WhatsApp ok.ru