Diyarbəkirdə daha bir rayonda küçəyə çıxmaq qadağası tətbiq edilib

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonundakı Kaynartepe Məhəlləsində küçəyə çıxma qadağası tətbiq olunub.
 
Maide.az xəbər verir ki, Bağlar İcra Hakimiyyətinin açıqlamasına görə, Kaynartepe Məhəlləsində PKK mənsubları tərəfindən çuxur qazılacağı, barrikada qurulacağı, küçələrə partlayıcı yerləşdiriləcəyi, məktəb, dövlət orqan və təşkilatları ilə vətəndaşlara və təhlükəsizlik əməkdaşlarına qarşı hücum ediləcəyi və sair barədə kəşfiyyat məlumatı alınıb. 
 
Bu təhlükə və mənfi cəhətlərin aradan qaldırılması, xalqın rahatlıq və təhlükəsizliyinin təmin olunması məqsədilə təhlükəsizlik orqanları həyata keçiriləcək fəaliyyət zamanı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və hər hansı bir mənfi halın baş verməməsi üçün Kaynartepe Məhəlləsinin ərazisində küçəyə çıxmaq qadağası qərarı verildiyi bildirilən açıqlamada, "15 mart tarixindən etibarən ikinci bir anonsa qədər küçəyə çıxmaq qadağası elan edilmişdir. Sözügedən qadağaya vətəndaşlarımızın tabe olması öz can və mal təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Qadağanın bitmə müddəti çatdırılacaqdır" deyilir.
 
Qeyd edək ki, Türkiyədə son günlər vəziyyət həddindən artıq gərgin bir məcraya yönəlib. Hakimiyyət baş verən hadisələrdə PKK terror təşkilatını günahlandırır.

Google+ WhatsApp ok.ru