Ermənilərdən yeni Kəlbəcər qərarı

`Ohanyanın babası da gəlsə o yolları minalaya bilməz`

Goranboy və Tərtər rayonlarından Kəlbəcərə gedən bütün yollar minalanacaq. ANS PRESS-in məlumatına görə, Ermənistan müdafiə naziri Seyran Ohanyan belə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Kəlbəcərdə baş verən son məlum hadisələrdən sonra qarşı tərəfdən bu rayona gələn bütün yolların minalanmasına qərar verilib.

Politoloq Qabil Hüseynli ANS-ə açıqlamasında Ermənistanın bu qərarının heç bir beynəlxalq normalara uyğun olmadığını deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistan bu cür addım ata bilməz.

Politoloqun fikrincə, Seyran Ohanyan Kəlbəcərə gedən bütün yolları minalanmasına start versə də bunu başa çatdıra bilməyəcək.

“Çünki o yolların böyük əksəriyyəti dağ yollarıdır. Bu yolların çoxuna heç erməni ayağı dəyməyib. Ohanyan heç təsəvvür edə bilməz ki, o dağlardan Kəlbəcərə ən azı min cığır gedir. O min cığırın heç beşini ermənilər bilmir. Ohanyanın babası da gəlsə o yolları minalaya bilməz. Kəlbəcərdən olan qaçqınlarımızın hamısı isə o cığırların əlinin içi kimi bilir. Onlar sadəcə bəzi maşın yollarını minalaya bilər. Ona görə də erməni nazirin bu hay-küyü Azərbaycana qarşı təzyiq xarakteri daşıyır. Onun bu bəyanatı Kəlbəcərə getmək isətəyən həmvətənlərimizi qorxutmağa yönəlib.".

Google+ WhatsApp ok.ru