Putin, Ərdoğan və Ruhani Yəməndə baş verənlərə dair mövqelərini açıqladı

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani telefon əlaqəsində Yəməndəki son vəziyyəti müzakirə edib.

 

Deyerler.org-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, telefon danışığında Rusiya prezidenti Vladimir Putin Yəmənə hərbi müdaxilənin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

 

“Prezident Vladimir Putin bildirib ki, Rusiya tərəfi atəşin dərhal dayandırılmasına  və münaqişənin dinc yolla həll edilməsi üçün fəallığı artırmağa, BMT-nin səylərini çevikləşdirməyə çağırır”, - deyə Kremldən bildirilib.

 

İran prezidenti Həsən Ruhani də öz növbəsində bildirib ki, Yəmənə hər hansı hərbi təcavüz yolverilməzdir və bu hərbi müdaxilə dərhal dayandırılmalıdır.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Fransanın “France 24” telekanalına müsahibəsi zamanı Yəməndə hərbi əməliyyatlara başlayan Səudiyyə və digər körfəz ölkələrini dəstəklədiklərini bildirib. Ərdoğan bildirib ki, proseslərin gedişatına uyğun Türkiyə də müxtəlif səpkilərdə öz dəstəyini Yəmənə qarşı əməliyyatlar aparan qüvvələrə verə bilər./

Google+ WhatsApp ok.ru