İranın vitse-prezidenti Urmiya gölünə baş çəkib

İran İslam Respublikasının vitse-prezidenti İshaq Cihangiri Urmiya gölünün bərpası istiqamətində görülən işlərlə tanış olub.
 
Maide.az-ın məlumatına görə, vitse-prezident deyib ki, Urmiya gölü vilayətin iqtisadi inkişafında əhəmiyyətli rol oynayır və hökumət gölün qurumasının qarşısını mütləq alacaq.
 
İ.Cihangiri bildirib ki, gölün yerləşdiyi Qərbi Azərbaycan vilayəti Türkiyə, İraq və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir və İran üçün mühüm əhəmiyyət kəsb edir. Vilayətin bu ölkələrlə iqtisadi və ticarət əlaqələrinin inkişafına dövlət hər zaman dəstək verəcək.
 
Vitse-prezident bu bölgədə yaşayan əhalinin əməksevər və böyük intellektual potensiala malik olduğunu da vurğulayıb.
 
Xatırladaq ki, ötən ay İran Prezidenti Həsən Ruhani Urmiya gölünün bərpası üçün dövlət büdcəsindən 225 milyon dollar vəsaitin ayrılması və işçi qrupu yaradılması haqqında sərəncam vermişdir.

Google+ WhatsApp ok.ru