DÜNYAMİQYASLI ƏDALƏT İMAM MƏHDİNİN (Ə) İNTİZARINDA

DÜNYAMİQYASLI ƏDALƏT İMAM MƏHDİNİN (Ə) İNTİZARINDA

Sual: Nə üçün dünyamiqyaslı ədalətin icrası Peyğəmbəri-Əkrəm (s) və imam Əliyə (ə) yox, imam Zamana (ə) tapşırılıb?

Cavab: Mütəal Allah bəşəri yaratdığı vaxtdan peyğəmbərləri insanlara doğru yola göstərmək və şəri hökmləri bəyan etmək üçün göndərmiş, onların vücudunda rəhbərə ehtiyac hissi qoymuşdur. Peyğəmbərlərin göndərilməsi və sonuncu peyğəmbərdən sonra məsum imamların təyin edilməsi təkamül yolunun davamı üçündür.[1]

Allah-Taala hər dövrə hakim şəraitə uyğun olaraq hər bir ümmətə peyğəmbərlər göndərmişdir. Lakin heç bir peyğəmbər öz proqramlarını kamil şəkildə icra etməyə müvəffəq olmamış və ədalətli cahanşümul hökumət təşkil edə bilməmişdir. Çünki camaat dünya miqyasında ədalətli bir hökuməti qəbul etməyə hazır olmamışdır. İlahi peyğəmbərlər camaatı yeganə Allaha pərəstişə dəvət etdikdə, həmişə onların müxalifəti ilə üzləşirdilər. Xüsusilə, eyş-işrətlə məşğul olan sərvətlilər, hakimlər,[2] dünyapərəstlər, hətta elm adamları[3] ilahi peyğəmbərlərin dəvəti ilə kəskin mübarizə aparır və başqalarını da öz arxasınca çəkərək haqqa itaətdən çəkindirirdilər.[4] Məhz bu səbəbdən, ilahi peyğəmbərlərə yalnız kiçik bir qrup iman gətirirdi.[5]

Tarixdə düzgün əqidələrə və haqq-ədalətə tapınan, Allahın və peyğəmbərlərin əmrlərinə müti olan quruluş çox az olmuşdur. Buna Süleyman peyğəmbərin hakimiyyətini misal çəkmək olar; hərçənd, peyğəmbərlərin bəzi təlimləri tədriclə insanların mədəniyyətinə təsir etmişdir.

Demək, peyğəmbərlərin göndərilməsində ilk hədəf ilahi vəhy və təlimlər vasitəsilə insanın təkamülə çatmasına zəmin və şərait hazırlamaqdır. Onların hədəflərindən biri də bacarıqlı və istedadlı şəxslərin əqli və ruhi-mənəvi təkamülünə kömək etmək idi. Bütün peyğəmbərlər ideal (ilahi) hökumət qurmaq və yer üzünə ədaləti bərpa etmək məqsədini izləmiş və hər biri zamana uyğun gücləri çatdığı qədər bu yolda çalışmışlar. Bəziləri müəyyən məkan və zamanda ilahi hökumət təşkil etsə də, heç bir peyğəmbər üçün dünya miqyasında ədalətli bir hökumət qurmaq şəraiti hazırlanmamışdır. Əlbəttə, şəraitin hazırlanmaması ilahi təlimlərin qüsurlu olması demək deyildir. Çünki ilahi hədəf insanların ixtiyari işlərində şəraitin hazırlanmasından asılıdır. Onlar haqq dini qəbul etmək və ilahi rəhbərlərə tabe olmaqda tam azaddır və bu işdə məcburiyyət yoxdur. “Nisa” surəsinin 165-ci ayəsində buyurulduğu kimi, “Allah-Taala peyğəmbərləri  müjdə gətirən və əzabla qorxudan kimi göndərdi ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın...”

Peyğəmbəri-Əkrəmin (s) Allahın sonuncu elçisi kimi, eləcə də imam Əli (ə) və ondan sonrakı imamların vəzifəsi dünyada ədalət nurunu yandırmaq və camaatı İslama dəvət etmək idi. Camaatda ruhi-fikri şərait olmadığından, ədalətli cahanşümul hökumət təşkil edə bilmədilər. Hələ camaatın əqli və fikri səthi elə bir mərhələyə çatmamışdı ki, ədalətli quruluşu tələb edən şəraiti qəbul etsinlər. Həqiqətdə, burada insan inkişafa doğru addımlamaq üçün təlimə ehtiyac duyan və inkişaf mərhələlərini tədriclə keçən uşağa bənzəyir. Odur ki, ilahi rəhbərlər həmin hədəfə çatmaq üçün lazımi şərait olmadan ümumdünyəvi islahat və ədalətli hökumət təşkil etməyə razılıq vermirdilər. Bunun səbəbi isə onların qüsurlu olması deyil, lazımi şərait və camaatda hazırlıq olmaması idi. İslam rəvayətlərinə əsasən, dünyada ədalətli hakimiyyəti qəbul etmək və camaatın düşüncəsini dəyişmək əqli təkamüldən, ictimai və mədəni-ideoloji hazırlıqdan asılıdır. Allahın istəyi ilə imam Zamanın (ə) zühur əsrində bu şərait yaranacaq və nəhayət, dünyaya ədalətli quruluş hökm sürəcəkdir.

Bir sözlə, elm, sənaye, texnologiya, əql, mənəviyyat, əxlaq və s. səciyyələrin tərəqqisini ərməğan gətirən ümumdünyəvi islahat və cahanşümul quruluşun bərpası peyğəmbərlərin və digər məsum imamların dövründə qeyri-mümkün idi. Çünki onların dövründə bu quruluşa səbəb olan şərait yox idi. İmam Zamanın (ə) zühur əsrində isə buna şərait yaranacaq. Məhz bu səbəbdən də, dünyaya hakim acınacaqlı vəziyyət, qanlı müharibələr və amansız kütləvi qırğınlar o həzrətin hökumətinin qəbuluna səbəb olacaq. Demək, insanlar dünyanın mövcud nizamlarından, zülm və haqsızlıqlardan yorulub, ümidsizliyə qapıldıqdan sonra iman üzərində qurulan inqilaba, böyük islahata hazırlaşacaqlar. Belə bir şəraitdə, imam Zaman (ə) zühur edəcək. İrqçilik və millətpərəstlik bəşərin problemlərini həll etməyə qadir olmadığı kimi, elm, sənaye, texnologiya, əql, mənəviyyat, əxlaq və s. səciyyələrin tərəqqisini ərməğan gətirən dünyamiqyaslı ədalət ilahi əxlaq və mənəviyyata söykənən fikri və mədəni hazırlıq da tələb edir. (“Həqiqət sorağında”, Elmi heyət, 22-ci sual.)

Rza Şükürlü (Maide.az)



[1]. “Əqidə üsulları haqda əlli dərs”, Ayətulllah Nasir Məkarim Şirazi, “İmam Əmirəlmöminin (ə) mədrəsəsi”, 1376-cı h.ş ili, səh.154-166; “Amuzeşi-əqaid”, Ayətulllah Məhəmmədtəqi Misbah Yəzdi, 2-ci cild, səh.226-227.

[2]. “İbrahim” surəsi, ayə 9; “Muminun” surəsi, ayə 44.

[3]. “Qafir” surəsi, ayə 83; “Qəsəs” surəsi, ayə 78; “Zümər” surəsi, ayə 49.

[4]. “Əhzab” surəsi, ayə 67; “Səbə” surəsi, ayə 31-32.

[5]. “Hud” surəsi, ayə 27-36.

 

 

Google+ WhatsApp ok.ru