HƏYATDA İNTİZARIN PSİXOLOJİ TƏSİRİ 10 May 2017 01:00 İmam Məhdi (ə) HEGEMON QÜVVƏLƏRİN QÜRUR VƏ HEYBƏTİNİN SINMASI Dini təlimlərə əsasən, zülmkarlıq, təcavüz və məzlumun haqqını mənimsəmək tarixi bir həqiqət kimi, insan xilqətinin başlanğıcından özünü göstərmişdir. Buna məzlumların düşməni olan Fironu, Nəmrudu, Əbu Ləhəbi və Əbu Cəhli misal göstərmək olar. Bu gün qüdrətli ölkələrin və zülmkar quruluşların hərbi və texnoloji üstünlüyü onların zülmünü artırır və aşağıtəbəqəli insanlar özlərində zəiflik və gücsüzlük hiss edirlər. Bir çox İslam ölkələri qadir Allahın qəti vədlərinə diqqət yetirmədən zülmkar hökumətlərin mütərəqqi hərbi imkanlarından təsirlənərək “İmam Mehdi (ə) qılıncla bugünkü dünyanın mütərəqqi silahlarına necə qalib gələcək?” – deyə soruşurlar. Bu sualın cavabı aşağıdakı incəliklərə diqqət yetirməklə aydınlaşır: 1. Ayə və rəvayətlərdə qələbəlik vədi və zühur müjdələri müsəlmanların ruhi-mənəvi gücünü artırır, onlarda ümid və müqavimət hissini yaşadır və İslam ardıcıllarına güc-qüvvə, əhval-ruhiyyə verərək zülmkarların qurur və heybətini sındırır. Necə ki, Allah-Taala “Kəhf” səhabələrinin hüzurunda zülmkarların qürur hisslərini əzdi. Ayətullah əl-üzma Safi yazır: “Bu ilahi vədlər müsəlmanlara Əməvilər hakimiyyəti, səlib yürüşləri və bu kimi hadisələrin müqabilində dözüm, səbir verdi və nəhayət, onların əleyhinə çıxaraq cihad etdilər. Bunu qəti dini və tarixi həqiqətlər də sübuta yetirir. Bu vədlər Əməvilər və Abbasilər siyasətini yürüdən hökumətlərin haqq-ədalətdən uzaq olduğunu və sonda, süquta uğradığını bildirərək zülm, təfriqə və ixtilafa son qoyulacağını, İslamın qiyamət gününə qədər davam edəcəyini, dünyanı hidayət edəcək bir islahatçının zühurunu müjdələyir.”[1] 2. Zülmkarlar mütərəqqi hərbi-texnoloji imkanlara malik olsalar da, müsəlmanların müqabilində əhval-ruhiyyədən düşəcək və ruhi-psixoloji məğlubiyyətə uğrayaraq müqavimət hissini itirəcəklər. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim əmrimizin vaxtı (imam Mehdinin (ə) hökuməti) çatdıqda, Allah-Taala şiələrimizin qəlbindən qorxunu götürüb, düşmənlərimizin qəlbində yerləşdirər. O zaman bizim şiələrimiz nizədən iti və şirdən şücaətli olacaqlar.”[2] Rəvayətlərə görə, imam Mehdinin (ə) qiyamı dövründə şiələrin vücudu və əqidələrindən süstlük və zəiflik götürüləcək, qəlbləri poladtək möhkəmlənəcək,[3] şirdən şücaətli və nizədən iti olacaq, düşmənləri ayaqlarının altında əzəcək və əlləri ilə öldürəcəklər.[4] Rəvayətlərdə göstərilir ki, imam Zaman (ə) ən mütərəqqi hərbi imkanlara və silah təchizatına malik olacaq. Lakin bu, düşmənlərin gözündən gizli qalacaq. Düşmənin hərbi təchizatı o həzrətin qüvvələrinin hərbi və müdafiə təchizatına təsir etməyəcək. İmam Sadiq (ə) buyurmuşdur: “Mehdinin səhabələri şərqlə qərbi dolduran ordu ilə belə döyüşsələr, onları dərhal məhv edər və düşmənin silahı onlara əsla təsir etməz.”[5] Şübhəsiz, İmamın (ə) silahı zühur əsrinin silahları ilə tamamilə fərqlənəcək. Rəvayətlərdə qeyd olunan “seyf” (qılınc) sözü “silah” ifadəsinin kinayə formasıdır və məqsəd, yalnız “qılınc” deyildir. Rəvayətlərə əsasən, İmamın (ə) əsgərlərinin silahı dəmirdən olacaq; belə ki, dağa dəydikdə, onu iki hissəyə böləcək.[6] İmam (ə) və əsgərləri günün ən güclü hərbi taktikalarına malik olacaqlar. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizdən sonra qövmlər gələcək ki, yer üzü onların ayaqları altında yığılacaq və dünya üzlərinə açılacaq... Yer üzü onların ayaqları altında bir göz qırpımından da tez ötəcəkdir.”[7] İmama (ə) mələklər və möminlərlə, eləcə də düşmənlərin qəlbinə qorxu çökməklə yardım ediləcək.[8] Beləliklə, bu hədislərdən bir neçə qənaətə gəlirik: 1. İmam Mehdinin (ə) zühurundan qabaq intizar çəkən müsəlmanların vücudunu qorxu bürüsə də, zühurdan sonra aradan qalxacaqdır. 2. İmam Mehdinin (ə) zühuru ilə zalım qüvvələr qorxuya düşəcək və onlardan müqavimət hissi alınacaq. 3. Qadir Allahın qəti vəd və müjdələri ilə zühurun intizarını çəkənlərdə izzət və zəfər ruhiyyəsi yaranacaq. Onlar yüksək əhval-ruhiyyə ilə böyük orduya malik olacaqlarına və heç bir qüdrətin onlara qalib gələ bilməyəcəyinə inanacaq, bir an belə zalım qüvvələrlə mübarizə və müqavimətdə səhlənkarlıq etməyəcəklər. Çünki onlar inanırlar ki, “Kəhf” səhabələrinin sərgüzəşti ilə imam Zamanın (ə) sərgüzəşti eyni olacaq! Rza Şükürlü (Maide.az) [1]. “İmamət və məhdəviyyət”, Ayətüllah Lütfüllah Safi Qulpayiqani, 2-ci cild, səh.371. [2]. “Biharul-ənvar”, 52-ci cild, səh.336. [3]. “Biharul-ənvar”, 52-ci cild, səh.317. [4]. “Biharul-ənvar”, 52-ci cild, səh.318. [5]. “Bəsairüd-dərəcat”, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar Qummi, səh.141. [6]. “Bəsairüd-dərəcat”, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar Qummi, səh.141. [7]. “Firdovsül-əxbar”, Əbu Şüca Şiruyə ibn Şəhdar ibn Şiruyə Deyləmi, 2-ci cild, səh.429. [8]. “Biharul-ənvar”, 52-ci cild, səh.336. Teqlər : #HƏYATDA İNTİZARIN PSİXOLOJİ TƏSİRİ , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DÜNYAMİQYASLI ƏDALƏT İMAM MƏHDİNİN (Ə) İNTİZARINDA İMAM MEHDİNİN (Ə) ҺӘYATINA QISA BİR BAXIŞ