DOĞRU VƏ QURUCU İNTİZAR – TƏRƏQQİ VƏ İSLAHAT 12 May 2017 01:00 İmam Məhdi (ə) Doğru və qurucu intizar Allah-Taalanın dərgahında ən yaxşı əməl[1] və ən fəzilətli ibadətdir.[2] Zühurun intizarını çəkən insan isə hər bir dövrün insanlarından üstün və fəzilətlidir.[3] İntizar ümid və arzu mənasını daşıyır.[4] Şübhəsiz, ümid və arzu insanın öz həyatında tərəqqi etməsi üçün ən mühüm amillərdən biridir. Bu isə bəşəriyyətin gələcəyinə və Allahın məzlum və salehlərin qələbəsi ilə bağlı qəti müjdəsinə xoşbin mahiyyət bağışlayır. Qurani-Kərimdə buyurulur: وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ “Biz istəyirdik ki, o yerdə zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam və (yer üzünə) varis edək.”[5] Başqa bir ayədə buyurulur: وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ “Biz “Zikr”dən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh və pak bəndələrimin varis olacağını yazmışdıq.”[6] Məsum imamlar da insanları zühurun intizarını çəkməyə və ona ümidvar olmağa təşviq edir və ümidsizlikdən çəkindirmişlər. İmam Əli (ə) buyurmuşdur: “Zühurun intizarını çəkin və Allahın lütf və mərhəmətindən naümid olmayın.”[7] Zülm və haqsızlıqla mübarizə aparanlar həyatda ümid kimi enerji və qüdrətli ünsürdən qırıldıqları təqdirdə, bu müqəddəs cihadı davam etdirmək məqsədindən yayınacaqlar. Çünki şəkk-şübhə ilə sonuclanan yolu ötməyi ağılsız hesab edəcəklər.[8] Qurani-Kərimdə buyurulur: وَلاَ تَيْأَسُواْ مِن رَّوْحِ اللّهِ إِنَّهُ لاَ يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ “Allahın mərhəmətindən ümidinizi qırmayın. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.”[9] Ümidsizlik İblisin insanın yolu üzərindəki ən təhlükəli qurğusu və təkamül yolunu ötmək istəyən insanın yaradılışının sirlərinə agah varlıqla – mütəal Allahla vidalaşmaqdır. Şübhəsiz, fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti özünə doğru çəkir, bəzən pak insanları belə, ruhi-psixoloji gərginliyə, ümidsizliyə məruz qoyur. Bəzən də, elə fikirləşirlər ki, artıq iş-işdən keçmişdir, islahata əsla ümid yeri yoxdur və özlərini də pak saxlamaq üçün çalışmaq faydasızdır. Bu ümidsizlik onları yavaş-yavaş əxlaqsızlığa, çirkin mühitə doğru çəkə bilir və əksəriyyətə hakim kəsilən çirkin mühitin müqabilində azlıq təşkil edərək onlara qorunmaq çətinləşir, bəzən də camaatla həmrəng olmağa üstünlük verirlər. Amma onlarda ümid və müqavimət hissini yaşada biləcək yeganə amil, mütləq vaqe olacaq islaha ümidvar olmaqdır. Onlar yalnız belə bir ümidlə özlərinin və başqalarının islah fikrindən daşınmazlar. İnsanın üzünə Allahın əfv və məğfirət qapısı, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişilir, onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də, ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır, eləcə də çirkin mühitdə yaşayan saleh insanlar belə ümidsiz paklığı qoruya bilməzlər. Hazırda dünya hər nə qədər əxlaqsızlığa, fitnə-fəsada doğru gedirsə, imam Meəhdinin (ə) zühuruna ümid bir o qədər da artır, ona inananlarda fəsad və çirkinliyin tufanları qarşısında müqavimət hissi möhkəmlənir, mühit nə qədər aludə olsa belə naümid olmur, üstəlik hədəfə daha yaxın olduqlarını görür, fəsadla mübarizədə, yaxud paklıq üçün sonsuz eşq və şövqlə çalışırlar. Doğru və qurucu intizar zühurun intizarını çəkən insanın qəlbinin sönmüş dəhlizlərini işıqlandıran, tərəqqi, islahat, cihad, müqavimət, şəhadət və fədakarlıq yaradan ümid qəndili, çilçırağıdır. Demək, intizar tərəqqi və islahatla sıx əlaqədardır. Çünki tərəqqi və islahat intizarın nəticəsi, intizar isə tərəqqi və islahatı istiqamətləndirən bir qüvvədir.[10] Rza Şükürlü (Maide.az) [1]. “Biharul-ənvar”, 52-ci cild, səh.162. [2]. “Möcəmü əhadisil-imam əl-Məhdi (ə)”, təlif və nəşriyyat: “Əl-məarifül-İslami” müəssisəsi, 1-ci cild, səh.268. [3]. “Müntəxəbül-əsər fil-imamis-sani əşər”, Ayətullah Safi Qülpayiqani, 2-ci cild, səh.24, hədis 1. [4]. “İslam və dünya məzhəbləri baxımından həzrət MEhdinin (ə) zühuru”, Seyid Əsədullah Haşimi Şəhidi, səh.204. [5]. “Qəsəs” surəsi, ayə 5. [6]. “Ənbiya” surəsi, ayə 105. [7]. “Biharul-ənvar”, 52-ci cild, səh.123. [8]. “Fərhənge inqilabi-İslami”, Doktor Məhəmmədcavad Bahünər, səh.346-349. [9]. “Yusif” surəsi, ayə 87. [10]. “İntizar” jurnalı, Məhdəvilik elmi mərkəzi, 2-ci il, 6-cı seriya, 1381-ci ilin qışı, səh.69. Teqlər : #DOĞRU VƏ QURUCU İNTİZAR – TƏRƏQQİ VƏ İSLAHAT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İNTİZARÇILARIN TƏRİF, ZALIMLARIN İSƏ MƏZƏMMƏT EDİLMƏSİ ZƏMANƏNİN İMAMI – ELMİ-İDEOLOJİ SIĞINACAQ