ZÜHUR ƏSRİNDƏ ƏMNİYYƏT, İQTİSADİYYAT VƏ RİFAH

ZÜHUR ƏSRİNDƏ ƏMNİYYƏT, İQTİSADİYYAT VƏ RİFAH

Yaşadığımız dünyanın imkanlarının hədsiz olmasına baxmayaraq, sərvətin bölünməsi məsələsində ədalətli strukturun olmaması müxtəlif sahələrdə çatışmazlıq yaradır. Hətta zəmanəmizdə hər gün aclıqdan ölən səfil insanların sayı az deyildir!

İmam Mehdi (ə) hakimiyyətindən söz açan rəvayətlərdə iqtisadi inkişafla bağlı dolğun ifadələr gözə çarpır; yoxsulluq və səfilliyin arada qaldırılması, asayiş, aramlıq və təhlükəsizliyin artması o həzrətin ədalətli hökumətinin nailiyyətlərindəndir. Bir nəfər imam Hüseyndən (ə): “Həzrət Qaim (Mehdi) zühur etdikdən sonra yaxşılıq və xeyirxahlıq necə olacaq?” – deyə soruşduqda, o həzrət belə buyurdu:

الخَیْرُ کُلُّهُ فی کُلِّه فی ذلِکَ الزَّمانِ یَقُومُ قائِمُنا وَیَدْفَعُ ذلِکَ کُلَّهُ؛

“Bütün yaxşılıq və xeyirlər o zamana aiddir, bizim Qaimimiz zühur edərək bütün çirkinlik və çətinlikləri aradan qaldıracaqdır.” (“İsbatul-huda”, 3-cü cild, səh. 5469.)

Zühur əsrində iqtisadi durum, sənaye və texnologiya, nəqliyyat və informasiya vasitələri o qədər inkişaf edəcək ki, dünyanın böyük qitələri həqiqətdə bir-birinə yaxın şəhərlər, şərq və qərb bir ev kimi görünəcək, zaman və məkan ölçüləri aradan qalxacaq, yerin bərəkət və xəzinələri üzə çıxacaq, bir yoxsul belə tapılmayacaq... İmam Hüseyn (ə) buyurur:

تَواصَلُوا وَتَبارُّوا، فَوَالَّذی فَلَقَ الْحَبَّةَ وَبَرَأَ النَّسَمَةَ، لَیأتینَّ عَلَیکمْ وَقْتٌ لا یجِدُ احَدُکمْ لِدینارِهِ وَلا لِدِرْهَمِهِ مَوْضِعَاً؛

“Sileyi-rəhm (yaxınlarınıza) və bir-birinizə yaxşılıq edin. Toxumu yaran və varlıqları yaradan Allaha and olsun, bir zaman gələcək, insanlar o qədər ehtiyacsız olacaqlar ki, kimsə dinar və dirhəmlərini (sərvətini) ehsan etmək və paylamaq üçün bir yer tapa bilməyəcəklər.” (“Kəlimatil-imam əl-Hüsəyn (ə), səh.661.)

İmam Hüseyn (ə) zühur əsrini o qədər gözəl və sevimli vəsf edir ki, şübhəsiz, bu nəticə ədalət prinsipinin icrası və fiziki qüvvələrin islahat və quruculuq işlərinə cəlb olunması ilə əldə olunacaqdır. Aclıq və yoxsulluq qıtlıq və çatışmazlıqdan deyil, əksinə haqsızlıq, ayrı-seçkilik, qüvvə və sərmayələrin tələf olunmasının birbaşa nəticəsidir. Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmdən (s) belə bir hədis nəql edir:

ابشّركم بالمهدى يملأ الارض قسطاً كما ملئت جوراً و ظلماً، يرضى عنه سكّان السّماء والارض، يقسم المال صحاحاً، فقال رجل ما معنى صحاحاً، قال بالسّويه بين النّاس؛ و يملأ قلوب امّة محمّد صلى الله عليه و آله و سلم غنى؛ و يسعهم عدله، حتّى يأمر منادياً ينادى يقول من له بالمال حاجة فليقم فما يقوم من النّاس الّا رجل واحد (ثم يأمر له بالمال فياخذ ثم يندم و يردّه)؛

“Sizə Mehdinin (ə) zühurunu müjdə verirəm. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, ədalətlə dolduracaq. Yer və göy sakinləri ondan razı qalacaq və o, sərvəti düzgün şəkildə böləcək.”

Bir şəxs “Sərvətin düzgün bölünməsi nə deməkdir?” – deyə soruşduqda, Həzrət buyurdu: “İnsanlar arasında bərabər bölməkdir. (Sonra buyurdu:) Muhəmməd (s) ümmətinin qəlbini qənaətlə ehtiyacsız edəcək, ədaləti hər yeri tutacaq və hətta bir nəfərin uca səslə “Kimin maddi ehtiyacı varsa, qalxsın!” – deyə car çəkməsini əmr etdikdə, bir nəfərdən başqa, heç kim qalxmayacaq. (Bu zaman İmam (ə) həmin şəxsə mal-dövlət verəcək. Amma o, tez bir zamanda qayıdıb peşman olduğunu və acgözlük etdiyini deyəcəkdir).” (“Nurul-əbsar fi mənaqibi Ali-beytin-Nəbiyyil-muxtar”, səh. 156-157.)

İmam Sadiqdən (ə) də zühur əsri haqa belə nəql olunur:

اذا قام القائم: حكم بالعدل وارتفع الجور فى ايّامه و امنت به السّبل واخرجت الارض بركاتها و ردّ كلّ حقّ الى اهله... و حكم بين النّاس بحكم داوود عليه السلام و حكم محمّد صلى الله عليه و آله و سلم فحينئذ تظهر الارض كنوزها و تبدى بركاتها ولا يجد الرّجل منكم يومئذ موضعا لصدقته و لا لبرّه لشمول الغنى جميع المؤمنين...؛

“Qaim qiyam etdiyi zaman ədalətlə hökm sürəcək. Onun dövründə zülm və haqsızlıq aradan qaldırılacaq, onun sayəsində yollar təhlükəsizləşəcək, yer bərəkətlərini aşkar edəcək, hər kəsin haqqı özünə qaytarılacaq... O, insanlar arasında Davud (ə) və Muhəmməd (s) kimi hökm yürüdəcək. Bu zaman yer öz xəzinələrini və bərəkətlərini üzə çıxaracaq, kimsə sədəqə vermək və yardım etmək üçün bir yoxsul tapmayacaq. Çünki bütün möminlər ehtiyacsız olacaqlar...” (“Biharul-ənvar”, 13-cü cild.)

Göründüyü kimi, həm imam Hüseynin (ə), həm Peyğəmbərin (s), həm də imam Sadiqin (ə) kəlamında zühur əsrində yoxsul və möhtacın olmayacağı aydın şəkildə başa düşülür. Allahı and veririk imam Hüseyn ağanın (ə) ehtiramına, qəlbimizi tezliklə imam Mehdinin (ə) zühuru ilə sevindirsin! (“Vijegihaye-imam Hüseyn – Əl-xəsaisul-Huseyniyyə”, Əbdülkərim Pakniya, səh. 172; “Negine-afərineş”, Mehdi Hairipur, “İctimai ədalət və iatisadiyyatın genişlənməsi” bölümü.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru