İNTİZAR NİŞANƏSİ – İMAM ZAMANA (Ə) MƏNSUB MƏKANLARA EHTİRAM

İNTİZAR NİŞANƏSİ – İMAM ZAMANA (Ə) MƏNSUB MƏKANLARA EHTİRAM

İmam Zamana (ə) intizar nişanələri kimi bəzi məkanlar nisbət verilmişdir. Zühurun intizarını çəkən şiələrə təkidlə tövsiyə edilmişdir ki, həmin məkanlarda o həzrətin qeybinin uzun çəkməsi və dünyaya hakim durumdan gileylənsin, Allah-Taaladan onun tezliklə zühur edəcəyini istəsin. Biz burada o həzrətə mənsub olan bəzi məkanlar haqda qısa məlumat verməklə kifayətlənirik:

1. Kufə məscidi: Kufə məscidi müqəddəs məkanlardan və intizarın ən bariz nişanələrindəndir. Bu müqəddəs məscid zühur əsrində imam Zamanın (ə) təbliğat mərkəzi olacaq. Bir zaman ismət xanədanının aşiqləri bu böyük məsciddə müttəqilərin mövlası imam Əlinin (ə) tövsiyələri və nurlu kəlamlarından bəhrələndikləri kimi, zühur əsrində də imamət və vilayət aləminin sonuncu ulduzu həzrət Mehdinin (ə) ardıcılları o həzrətin ətrafına toplaşacaq və dəyərli kəlamlarından bəhrələnəcəklər. Bu isə imam Sadiqin (ə) kəlamında belə göstərilir: “Sanki Qaimi (ə) görürəm ki, Kufə məscidində minbərə çıxmış və yer üzündə Allahın bəndələri içərisində Onun bayraqdarı və hakimi olan üç yüz on üç nəfər dostunun ətrafına toplaşmışlar.”[1]

İmam Baqir (ə) bu mühüm tarixi hadisəni belə açıqlayır: “Mehdi (ə) Kufəyə daxil olacaq. Üç inqilabçı ordu bir yerə toplaşacaq. O, minbərə qalxıb xütbə söyləyəcək və camaat sevincindən o qədər ağlayacaq ki, hətta onun sözlərini eşidə bilməyəcək.” [2]

Kufə məscidində ibadətin savab və fəziləti: İmam Baqir (ə) bu müqəddəs məscidin fəziləti haqda belə buyurmuşdur: “Əgər camaat Kufə məscidinin fəzilətindən xəbərdar olsa, uzaq yerlərdən yol ehtiyatını götürüb miniyinə minərək oraya yollanar. Orada bir vacib namaz qılmaq bir həccə və bir müstəhəb namaz qılmaq bir ümrə həccinə bərabərdir.”[3]

Həmçinin buyurmuşdur: “Kufə məscidində bir vacib namaz qəbul olunmuş bir həccə və bir müstəhəb namaz qəbul olunmuş bir ümrə həccinə bərabərdir.”[4]

2. Səhlə məscidi: Bu məscid intizarın nişanələrindən biri kimi, Kufə məscidindən sonra ən mühüm məscid sayılır və (İraqda) Kufə məscidinin şimal qərbinin, təqribən, üç kilometrliyində yerləşir. İntizarçılar o həzrətin evi sayılan Səhlə məscidinə üz tutub, mütəal Allahdan o həzrətin zühurunun tezləşməsi üçün dua edərlər. Bu məsciddə “imam Mehdinin (ə) məqamı” adlı məşhur bir məkan var və orada o həzrəti ziyarət etmək məqsədilə namaz qılmaq və bəzi duaları oxumaq müstəhəbdir.[5] İmam Sadiq (ə) buyurmuşdur: “Sanki Qaimi (ə) öz əhli-əyalı ilə birgə Səhlə məscidində görürəm.” Yenə buyurmuşdur: “Elə bir peyğəmbər göndərilməyib ki, bu məsciddə namaz qılmasın.” Bir dəfə o həzrətdən Əbu Bəsir adlı səhabəsi “İmam Qaim (ə) həmişə bu məsciddə olacaqmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Bəli, Səhlə məscidi onun evidir.” [6]

Əməlisaleh insanlar, alimlər və intizarçılar həmişə imam Mehdini (ə) görmək arzusu ilə yaşamış və yaşamaqdadırlar. Hətta bəziləri Kufə və Səhlə məscidlərində qırx cümə və yaxud Səhlə məscidində qırx çərşənbə axşamı raz-niyaz və ibadət edərək o həzrətin hüzuruna nail olmağı Allahdan diləmişlər.

3. Müqəddəs Cəmkəran məscidi: Cəmkəran məscidi müqəddəs Qum şəhərinin altı kilometrliyində və Kaşan şəhərinin yolu üstə yerləşir. Bu əzəmətli məkan o həzrətin xüsusi lütfi-nəzəri sayəsində tikilmişdir. O həzrət şiələrdən orada ibadət etməyi və ona ehtiram göstərməyi istəmiş və Həsən ibn Müsləyə buyurmuşdur: “Camaata de ki, bu məkana ürəkdən bağlansın və ehtiram göstərsinlər...” Sonra Həzrət ona “təhiyyət” (məscidə ehtiram) və imam Zaman (ə) namazını öyrədib buyurmuşdur: “Bu iki namazı qılan şəxs Kəbə evində namaz qılan şəxs kimidir.”[7]

İmam Zaman (ə) qeybə çəkildi zamandan intizarçı aşiqlər dünyanın hər bir guşəsindən çərşənbə axşamları ağlar gözlə, Əhli-beytə eşq-məhəbbət dolu qəlblə müqəddəs Cəmkəran məscidinə gəlib, ona məxsus əməlləri yerinə yetirir və əllərini göyə qaldırıb, qeyb dövrünün uzun çəkməsindən, dünyaya hakim durumdan gileylənir və İslam aləminin problemlərinin həlli, xəstələrin şəfası və zühurunun tezləşməsi və s. üçün dua edirlər.

4. Səsəə məscidi: Bu məscid Kufədə yerləşən müqəddəs məscidlərdəndir. İntizarçılar imam Mehdini (ə) Rəcəb ayı bu məsciddə iki rükət namaz qılıb, “Əllahummə, ya zəl-mənnis-sabiğəh, vəl-alail-vaziəh...” – duasını oxuduğu halda görmüşlər. O həzrətin zahiri əməllərindən elə başa düşülür ki, qıldığı namaz və etdiyi dua Səsəə məscidinə məxsus əməllərdəndir. Lakin o həzrət bu duanı Rəcəb ayında oxuduğu üçün onun həmin aya məxsus dualardan olması da ehtimal verilir. Odur ki, dua kitablarında Rəcəb ayının əməlləri sırasında qeydə alınmışdır.[8]

İmam Mehdinin (ə) zühurunun intizarını çəkənlər Səsəə məscidinə də gedərək dua və raz-niyaz edir, qeybə çəkilmiş İmamın (ə) fərağında göz yaşları axıdır və mütəal Allahdan zühurunun tezləşməsini istəyirlər.

İlahi! Bizim də gözlərimizi o həzrətin camalını görməklə işıqlandır!

Rza Şükürlü (Maide.az)



[1]. “Biharul-ənvar”, 52-ci cild, səh.326.

[2]. “Kəşfül-ğümmə”, Əbülhəsən Əli ibn İsa ibn Əbülfəth Ərbili, 2-ci cild, səh.463.

[3]. “Kamilüz-ziyarat”, Cəfər ibn Məhəmməd ibn Qoləveyh, tərcümə: Cavad Zehni Tehrani, səh.703.

[4]. “Kamilüz-ziyarat”, Cəfər ibn Məhəmməd ibn Qoləveyh, tərcümə: Cavad Zehni Tehrani, səh.74, hədis 5.

[5]. Bu dualar haqda məlumat əldə etmək istəyənlər Şeyx Abbas Quminin “Məfatihul-cinan” kitabına müraciət etsinlər.

[6]. “Biharul-ənvar”, 4-cü cild, səh.436.

[7]. “Nəcmüs-saqib”, Mirzə Hüseyn Təbərsi Nuri, səh.212.

[8]. “Məfatihul-cinan”, 6-cı fəslin sonu, “Fərhəngi-moud” nəşriyyatı, səh.222-223.

Google+ WhatsApp ok.ru