YER ÜZÜNDƏ SALEHLƏRİN HÖKUMƏTİ 01 İyun 2015 01:00 İmam Məhdi (ə) “Onlar (yer üzünə sahib olan saleh bəndələr) axır zamanda Mehdinin dostlarıdır” Qurani-Kərimin “Ənbiya” surəsinin 105-106-cı ayələrində buyurulur: وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ. إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ “Həqiqətən, Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu sözdə ibadət edən bir qövm üçün moizə, öyüd-nəsihət var!” Bu ayədə aaleh bəndələrin dünyəvi mükafatından söz açılır. Bu elə bir mükafatdır ki, səadətin təmini, ilahi hökmlərin icrası, bəşəriyyətin qurtuluş və islahı üçün zəmindir. Ayədə “ərz” (yer) sözü mütləq şəkildə bütün dünyaya və yer kürəsinə aid edilir, saleh bəndələrə cahanşümul hökumətin bərpası haqda müjdə verilir. Bu mövzu keçmiş zamanlarda gerçəkləşmədiyindən onun gələcəkdə həyata keçəcəyi gözlənilir. Bu da yalnız həzrət Mehdinin (ə) cahanşümul hökuməti ola bilər. İmam Mehdinin (ə) qiyamı və cahanşümul hökumətinə inam yalnız Əhli-beyt məktəbinin ardıcıllarına, şiələrə məxsus deyil. İstisnasız olaraq, bütün İslam firqələrində “axır zaman”da Peyğəmbərin (s) sülaləsindən Mehdi adlı bir şəxsin zühur edib, dünyanı haqq-ədalətlə dolduracağı barədə məlumat verilir. Peyğəmbəri-Əkrəmin (s) bu məsələ ilə bağlı buyurduğu rəvayətlər onların kitablarında nəql edilmişdir. Bu rəvayətlər müəyyən məzhəbə xas olmayıb, bütün İslam təhqiqatçıları tərəfindən qəbul edilən qəti və “mütəvatir” rəvayətlərdir. Qeyd etmək lazımdır ki, təhqiqatçılara görə, imam Mehdiyə (ə) yalnız müsəlmanlar deyil, həm də digər dinlərin ardıcılları inanır və böyük dünyəvi islahatların intizarını çəkirlər. Bu onların da mənbələrində qeyd olunmuşdur. Ayədə qeyd olunan “Zəbur”da məqsəd çox ehtimal ki, Davud peyğəmbərin dua, münacat, raz-niyaz, moizə və öyüd-nəsihətlərdən ibarət “Zəbur” kitabıdır. Bu kitab “Əhdi-qədim”də (Tövratda) “Davudun məzamiri” adı ilə yad edilir. Maraqlıdır ki, zaman ötdükcə, “Əhdi-qədim” təhrifə məruz qalsa da, “Davudun məzamiri”ndə bu böyük müjdəni müşahidə edirik. Bu kitabın 37-ci bölümünün (məzmurunun) 9-cu cümləsində belə deyilir: “...Çünki şər insanlara son qoyacaq, Allaha təvəkkül edib güvənənlər isə yer üzünün sahibləri, varisləri olacaqlar!” 11-ci cümlədə də belə yazılır: “Təvazökarlar yer üzünün varisləri olacaq, sağlamlıqdan ləzzət alacaqlar!” 27-ci cümlədə belə qeyd olunmuşdur: “Allaha yaxın olanlar yer üzünün varisləri olacaqlar. Onun lənət etdiyi şəxslərə isə son qoyulacaq!” 29-cu cümlə isə belədir: “Sadiqlər (sözündə və əməlində doğru olanlar) yer üzünə sahib və orada əbədi sakin olacaqlar!” Aydındır ki, buradakı “sadiqlər”, “Allaha təvəkkül edib güvənənlər”, “Allaha yaxın olanlar” və “təvazökarlar” kimi ifadələr Qurani-Kərimdə qeyd olunan “saleh bəndələr”lə eynidir. Bəhs etdiyimiz ayədə qeyd olunan “Zikr”də məqsəd isə bir çox təfsirçilərin əqidəsinə görə Tövratdır. Necə ki, “Ənbiya” surəsinin 48-ci ayəsində buyurulur: وَلَقَدْ آتَيْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاء وَذِكْرًا لِّلْمُتَّقِينَ “Biz Musa və Haruna haqqı batildən ayıran, nur və pərhizkarlardan ötrü öyüd-nəsihət olan Tövratı vermişdik.” Beləliklə, imam Mehdinin (ə) zühur müjdəsi Tövratın digər fəsillərində, o cümlədən, Əşiya peyğəmbərin kitabında da verilmişdir. Necə ki, bu kitabın 11-ci fəslində belə yazılır: “Həqiqətən, zalımlar üzərində ədalət hökm sürəcək və bu da yer üzünün yoxsulları üçün aydınlıq olacaqdır. Hər yerdə ədalət bərqərar olacaq, əhdə vəfa ediləcəkdir. Qurd qoyunun yanında yatacaq... Çünki yer üzü dənizlər su ilə dolduğu kimi, Allahın elmi ilə dolacaqdır!” Tövratın özündə də buna oxşar bəzi ifadələr var. Məsələn, 13-cü fəslin 15-ci cümləsində belə deyilir: “Yer üzünü İbrahimin övladlarından birinə verəcəyik...” 18-ci fəslin 20-ci cümləsi belədir: “Mən ona (İsmayıla) bərəkət verdim, onun övladlarını çoxaldacağam, nəhayət, on iki sərvər gətirəcək və onun ümməti böyük olacaqdır!” “On iki sərvər gətirəcək” ifadəsi göstərir ki, on iki imam və rəhbərin hamısı onun övladlarıdır. 18-ci fəslin 18-ci cümləsində deyilir: “Dünyanın bütün qövmləri onun ətrafına toplaşacaq!” “Nur” surənin 55-ci ayəsində buyurulur: وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ “Allah aranızda iman gətirib saleh iş görənləri, yalnız Mənə ibadət edən və heç nəyi Mənə şərik qoşmayanları onlardan əvvəlkilər kimi yer üzünə varis edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir. Bundan sonra hər kəs kafir olsa, şübhəsiz ki, əsl fasiqlərdir!” Bu ayədə də açıq-aydın saleh və yaxşı işlər görən möminlərə müjdə verilir ki, onlar yer üzünün rəhbərliyini əldə edəcək, İslam dini hər tərəfə yayılacaq, qorxu əmin-amanlıq, təhlükəsizliklə əvəz olunacaq, şirkə, fitnə-fəsada son qoyulacaq, Allahın bəndələri azadlıqla yeganə Allaha ibadət edəcək və bütün insanlara höccət tamamlanacaqdır. Belə ki, əgər hər kəs bundan sonra küfr etsə, Allahın itaətindən çıxmış əsl fasiq adlanacaqdır. İmam Mehdinin (ə) qiyamı ilə əlaqədar verilən iki ayədəki açıq-aydın ifadələrdən əlavə, rəvayətlərdə də bu haqda geniş söz açılmışdır. Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında bu ayənin təfsirində imam Baqirdən (s) belə bir hədis nəql edir: “Onlar (yer üzünə sahib olan saleh bəndələr) axır zamanda Mehdinin dostlarıdır.” “Təfsiri-Qummi”də qeyd olunan bir hədisdə deyilir: “Bu ayədə məqsəd Mehdi (ə) və onun səhabələridir!” Ola bilər ki, Allahın saleh bəndələri yer üzünün hakimiyyətinin bir hissəsini öz ixtiyarlarına alsınlar. Necə ki, İslam Peyğəmbərinin (s) dövründə və digər əsrlərdə belə hadisələr baş vermişdir. Lakin saleh bəndələrin bütün yer üzündəki hökuməti, yalnız həzrət Mehdinin (ə) zühuru zamanı olacaqdır. Bu haqda həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan çoxlu “mütəvatir” hədis vardır. Şeyx Mənsur Əli Nasif əhli-sünnənin məşhur “beş üsul”undan sayılan “Əttacul-cami lil-üsul” kitabında yazır: “Bütün keçmiş və müasir alimlər arasında məşhur nəzər budur ki, axır zamanda Əhli-beytdən bir nəfər zühur edəcək. O, bütün İslam ölkələrinə hakim olacaq və bütün müsəlmanlar ona itaət edəcək. Həmin şəxs haqq-ədalətlə hökm sürəcək və dini qüdrətləndirəcəkdir!” Sonra yazır: “Mehdi haqqında deyilən hədisləri Peyğəmbərin (s) bir qrup yaxın səhabələri nəql etmiş, eləcə də, Əbu Davud, Termizi, İbn Macə, Təbərani, Əbu Yəla, Bəzzaz, Əhməd ibn Hənbəl və Hakim kimi böyük hədis alimləri öz əsərlərində qeydə almışdır.” (“Ət-tacul-cami lil-üsul”, 5-ci cild, səh. 341 – kitabın vərəqaltı haşiyəsində.) Hətta bu hədislərə şübhə ilə yanaşan İbn Xəldun, onların bütün İslam alimləri arasındakı şöhrətini inkar edə bilməmişdir. (“İbn Xəldun”, səh. 311, Beyrut çapı.) Bu hədislərin “təvatür” həddində olduğunu nəql edən məşhur Misir alimi Məhəmməd Şəblənci “Nurul-əbsar” kitabında yazır: “Peyğəmbəri-Əkrəmdən (s) bizə gəlib çatan “mütəvatir” hədislərə əsasən, Mehdi onun sülaləsindəndir və yer üzünü haqq-ədalətlə dolduracaqdır.” Bu ifadə bir çox kitablarda da vardır. Hətta məşhur əhli-sünnə alimi Şövkani imam Mehdinin (ə) zühuru, Dəccalın qiyamı və həzrət İsa-Məsihin (ə) gəlişi ilə əlaqədar yazdığı kitabda bu hədislərin “təvatür” həddində olduğunu izah etdikdən sonra yazır: “Deyilən mətləblər zərrə qədər imanı, arpa dənəsi qədər insafı olan kəslər üçün kifayətdir!” (“Ət-tacul-cami lil-üsul” kitabından nəqlən, 5-ci cild, səh. 360, “Daru ehyait-turasil-ərəbi” çapı.) Biz isə məşhur İslam mənbələrində nəql olunan bu hədislərin bir neçəsini qeyd etməklə kifayətlənirik: 1. Əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Əbu Səid Xudridən Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişdir: لا تَقُومُ السّاعَةَ حَتّى تَمْتَلَاُ الْاَرْضَ ظُلْماً وَعُدْواناً، قالَ ثُمَّ يَخْرُجُ رَجُلٌ مِنْ عِتْرَتِى اَوْ مِنْ اَهْلِ بَيْتِى يَمْلَاُها قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ عُدْواناً: “Yer üzü zülm və haqsızlıqla dolmayınca, qiyamət bərpa olmayacaq; bu zaman mənim itrətimdən (Əhli-beytimdən) bir kişi qiyam edəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.” (“Müsnədi-Əhməd”, 3-cü cild, səh. 36.) 2. Bu hədisi Hafiz Əbu Davud Səcistani də “Sünən” kitabında azacıq fərqlə nəql etmişdir. (“Sünəni-Əbi Davud”, 4-cü cild, səh. 152.) 3. Əbu Davud “Sünən” kitabında bunu Ümmü Sələmədən belə nəql edir: “Mən Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu eşitdim: اَلْمَهْدِىُّ مِنْ عِتْرَتِى مِنْ وُلْدِ فاطِمَةَ “Mehdi mənim sülaləmdən və Fatimənin övladlarındandır!” (“Səhihi-Əbi Davud”, 2-ci cild, səh. 207.) 4. Hakim Nişapuri “Əl-müstədrək” kitabında Əbu Səid Xudridən daha ətraflı bir hədisdə Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu yazır: يَنْزِلُ بِاُمَّتِى فِى آخِرِالزَّمانِ بَلاءٌ شَديدٌ مِنْ سُلْطانِهِمْ، لَمْ يُسْمَعْ بَلاءٌ اَشَدٌّ مِنْهُ، حَتّى تَضِيقَ عَنْهُمُ الاَرْضُ الرَّحْبَةُ، وَحَتّى يَمْلَاُ الْاَرْضَ جَوْراً وَظُلْماً، لايَجدُ الْمُؤمِنُ مَلْجَاً يَلْتَجِاُ اِلَيْهِ مِنَ الظُّلمِ فَيَبْعَثُ اللهُ عَزَّوَجَلَّ رَجُلاً مِنْ عِتْرَتِى، فَيَمْلَاُ الْاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً، يَرْضى عَنْهُ ساكِنُ السَّماءِ وَ ساكِنُ الْاَرْضِ، لا تَدَّخِرُ الْاَرْضُ مِنْ بَذرِها شَيْئاً اِلاّ اَخْرَجَتْهُ، وَلاَ السَّماءُ مِنْ قَطْرِها شَيْئاً اِلاّ صَبَّهُ اللهُ عَلَيْهِمْ مِدراراً: “Axır zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara məruz qalacaq. Belə ki, ondan ağır və şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq. Mömin bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer tapmayacaqdır. Bu zaman Allah-Taala mənim sülaləmdən olan bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər, səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir- bərəkət bürüyər)!” (“Əl-müstədrəkü ələs-səhiheyn”, 4-cü cild, səh. 465. Heydərabad çapı.) Müxtəlif ravilər tərəfindən nəql olunan bu hədislərin məşhur mənbələrdə qeyd olunması göstərir ki, axır zamanda imam Mehdinin (ə) dünyaya hakim olacağı, yer üzünü haqq-ədalətlə dolduracağı və “həqiqətən, yer üzünə saleh bəndələr sahib olacaqlar” ayəsi qaçılmaz həqiqətdir. Rza Şükürlü/ Teqlər : #YER ÜZÜNDƏ SALEHLƏRİN HÖKUMƏTİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İMAM ZAMANIN (Ə) QEYBƏ ÇƏKİLMƏSİNİN FƏLSƏFƏSİ İMAM MEHDİNİN (Ə) HƏYAT TƏRZİ