İNTİZAR NİŞANƏSİ – FƏRDİ VƏ İCTİMAİ İSLAHAT 09 May 2017 01:00 İmam Məhdi (ə) Məlum olduğu kimi, nişanə və əlamət hər bir şeyin möhtəva və mahiyyətinin göstəricisidir. Siyasi, ictimai, əxlaqi və etiqadi məfhumlar əlamət və nişanələrlə məna kəsb etdiyi kimi, “intizar” da şiə etiqadı ilə bağlı dəyərli bir məfhumdur və bir sıra işlərdə, o cümlədən fərdi və ictimai islahat təcəlla olur:[1] FƏRDİ İSLAHAT: Həqiqi intizarın ən mühüm nişanəsi təqva və bəyənilmiş əxlaqdır. İmam Baqir (ə) buyurmuşdur: “Təqvalı olun və intizarın ağır məsuliyyətini təqva və pərhizkarlıqla, Allaha çoxlu ibadət və itaətlə məqsədə çatdırın.”[2] İmam Zaman (ə) qeybə çəkildiyi vaxt intizarçıları yaxşı və bəyənilmiş əməllərə dəvət edərək buyurmuşdur: “Sizdən hər biriniz bizim razılığımızı qazanan işlərə can atın və narahatlığımıza səbəb olan işlərdən çəkinin. Çünki əmrimiz (zühur vaxtı) birdən (xəbərsiz) çatacaqdır. O zaman tövbə heç kimə fayda verməyəcək.”[3] Yaxşı əxlaq və rəftar zühurun intizarını çəkənlərin başlıca vəzifəsi olduğu kimi, intizarın ən mühüm nişanələrindən də sayılır. İmam Sadiq (ə) buyurur: “Hər kim Qaimin (ə) dostlarından olmaq istəyirsə, intizar dövründə İslam əxlaqının təcəllası olsun. Belə şəxs Qaimin (ə) qiyamından qabaq ölsə, onu dərk edən (görən) şəxs kimidir.”[4] İCTİMAİ İSLAHAT: İntizarın ən mühüm nişanələrindən biri də ictimai islahat proqramıdır. Həqiqi intizar fərdi islahı tələb etdiyi kimi, ictimai birliyi qorumağı, ədaləti bərpa etməyi, zülm və haqsızlıqla mübarizəni, ümumi islahı da qarşıya məqsəd qoyur; yəni dünyanın böyük islahatçısının intizarını çəkən şəxs həm özü əməlisaleh olmalı, həm də ictimai islahata ciddi yanaşmalıdır. Peyğəmbəri-Əkrəm (s) “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (çirkinlikdən çəkindirmək) haqda belə buyurmuşdur: “(İnsanları) yaxşılığa dəvət və pisliklərdən çəkindirməlisiniz. Əks-təqdirdə, Allah-Taala sizin ən pisinizi ən yaxşı və xeyirxahlarınıza hakim edər və onların duası qəbul olunmaz.” [5] İmam Mehdinin (ə) razılığı da yaxşı və bəyənilmiş işlərin yerinə yetirilməsi, pisliklərin tərk edilməsindədir. Belə isə, zühurun intizarını çəkən şəxs yaşadığı cəmiyyətə əhəmiyyətlə yanaşmalı və bu istiqamətdə öz İmamına (ə) itaət etməlidir. Çünki o həzrət zühur əsrində yaxşılıqlara dəvət edən və pisliklərdən çəkindirənlərin öndəri, qabaqcılıdır. İmam Mehdinin (ə) razılığını qazanan, onun yolunu gedən, ilahi hökmləri icra edən və bu istiqamətdə addım atan cəmiyyətə məhz zühurun intizarını çəkən cəmiyyət adını vermək olar. Rza Şükürlü (Maide.az) [1]. “Bürhani-qate”, 4-cü cild, səh.2167. [2]. “Biharul-ənvar”, 52-ci cild, səh.140. [3]. Yenə orada. [4]. Yenə orada. [5]. “Asarus-sadiqin”, Sadiq Ehsanbəxş, 1-ci cild, səh.125. Teqlər : #İNTİZAR NİŞANƏSİ – FƏRDİ VƏ İCTİMAİ İSLAHAT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru HƏYATDA İNTİZARIN PSİXOLOJİ TƏSİRİ – QƏLƏBƏLİK ARZUSU DÜNYAMİQYASLI ƏDALƏT İMAM MƏHDİNİN (Ə) İNTİZARINDA